YAZIQ VƏTƏN-Bəxtiyar Vahabzədə
Bir ananın övladıyıq biz hamımız
Bizi biri-birimizdən ayrı saldı
Məqsədimiz, məramımız.
Beynimizdə tağ atınca
Fikirlərin neçə rəngli göy qurşağı
Meydan açdı cəbhələrin solu, saği.
Kölgələndi, üstələndi
Qan birliyi, can birliyi,
din birliyi.
Cilalandı
fikir,
şüur,
yön birliyi.
Hardan çıxdı qarşımıza qara pişik?
Bu gün biri-birimizə
Qatı düşmən kəsilmişik.
Bu gün vahid anamızı
hərə çəkir bir tərəfə.
Kinimizi, eşqimizi
tuşlamırıq bir hədəfə.
Olan olub, torba dolub
Əsl düşmən unudulub.
Amma biri-birimizlə didişirik.
Söküb köhnə palan içi, gor eşirik.
Ömrüm boyu istəmişəm
fikirlərin min rəngini-
Duyğuların çələngini.
Amma bu gün düşünürəm:
Bu fikirlər toqquşması
Vətənimin xeyrinəmi?
Yox! Savaşlar qarşısına
Sipər etmək istəyirəm öz sinəmi!
Bizim biri-birimizə kinimizdən
Bulanıbdır dağlardakı sərçeşmələr.
Anlamıram bu məqamda
Gərəkmidir bir bu qədər çəkişmələr?
Sən də övlad, mən də övlad,
Sən də insan, mən də insan
Doğulmuşuq bir anadan,
Qanda birik, canda birik
Anaraızın xatirinə
Bəs niyə biz bir məxrəcə gələmmirik?
Atam oğlu, niyə qardaş bağındakı
Gülü deyil, kolu gördün?
Öz gözündə tiri deyil,
Qardaşının gözündəki qılı gördün?
İş gücümüz didişməkmi?
Leş üstündə didişərlər... Vətən leşmi?
Bölünməmiş nəyimiz var? O Vətəndir!
O, həm səndir, o həm məndir.
Necə bölək məni, səni?
Necə bölək bu Vətəni?
Yarı mənim, yarı sənin?
O, meyvəli bir ağacdır
Adı mənim, barı sənin?
Razısanmı bu bölgüyə?
Razısansa, gəl, barışaq.
Qarğa kimi leş üstünə gəl, darışaq.
Utanıram bu sözümdən
Əfv et məni,
yazıq Vətən, yazıq Vətən!
Fəryad çəkən bu ananı düşünən yox!
Öz dərdinin atəşinə
Qalananı düşünən yox!
Нəг ikisi "mənəm" - deyir
İqtidara yetişməkdən
Ayrı bir şey düşünməyir-
Coşan qəlblər, qızan başlar.
Hakimiyyət davasıdır bu savaşlar.
Vətənçin gün ağlamayır
Nə o tərəf, nə bu tərəf.
Bu Vətəni
Dədəsindən ona qalan əmlak sayır
Həm o tərəf, həm bu tərəf.
Hər biri öz peşəsində
Namus ilə çalışanlar
Bu Vətənin dərdi ilə alışanlar
İkisinin arasında
Qalıb ancaq yana-yana
Müfxalifdir həm o yana, həm bu yana.
Mart, 1998.



Aglamaq lazim deyil. Torpaqlari savadla, agilla geri qaytarmaq lazimdir.
Hormetle Hani.
Minsk seheri. БГТУ, каф. ПиАХП.
İyun 12, 2008 12:44