Raqif Raufoğlu
OSMANLI ORDUSUNUN QAFQAZ HƏRƏKATI,AZƏRBAYCAN MİLLİ ORDUSUNUN YARANMASINDA ƏNVƏR PAŞA İMZASI
Raqif Raufoğlu Bakı Ali Birləşmiş Komandanlıq
Məktəbinin arxivindən
Hər kəsin Ənvər Paşanı günahlandırdığı Sarıqamış fəlakəti mövzusuna Hakan Albayrakın ötən sayımızda gedən müsahibəsi ilə bir xeyli aydınlıq gətirildi. “Amma bundan sonra nə oldu?, bir də hadisələrin gedişatına bizim mənbələrin tarix üçün qoyub getdiyi arxivlə diqqət yetirim” düşünərək BABKM-nin arxivinə daldım. Yazılmışdı:Ruslar 1916-cı ilin Avqust ayının sonuna qədər Trabzon və Ərzincan daxil olmaqla bütün şərqi Anadolunu işğal etdilər. Ancaq Rusiyada 12.03.1917-ci ildə baş verən bolşevik hərəkatı nəticəsində çarın devrilməsi hadisələrə yeni axar verdi və Qafqaz cəbhəsində sülh bağlamaq imkanları yarandı. Bolşevik Rus rəhbərlərinin müraciəti ilə bir tərəfdə Almaniya, Avstriya, Bolqarıstan və Türkiyə, digər tərəfdə Rusiya arasında razılıq əldə olundu və sülh danışıqlarına başlandı. Bunula bərabər Türk- Rus cəbhəsində də 18 dekabr 1917-ci ildə Ərzurum müqaviləsi bağlandı. Müqavilədən sonra rus orduları işğal etdikləri ərazilərdən çəkilsə də şərtlərə zidd olaraq, erməni polkları və polisləri həmin bölgələrdə Türk əhalisinə qarşı iri miqyaslı bir təmizləmə fəailləyitənə başladılar. Bölgədəki Türklərin can və mal toxunulmazlığı tam aradan qaldırılmışdı. Belə bir halda Türk ordusunun hərəkətə başlaması qaçınılmaz bir hala çevrilmişdi.
Rusiyada baş verən bolşevik inqilabından sonra çarlıq idarə üsulunun yaxınlaşmasıyla yaranan hakimiyyət boşluğunun təsiriylə erməni, gürcü və azərbaycanlılar tərəfindən mərkəzi Tiflis olan Qafqaz Konvederasiyası quruldu. Ancaq “Konfederasiya”nın daxilindəki üç millət arasında bir yekdillilik yox idi və məcburən birgə hərəkət edirdilər. Bu zaman ərzində gürcülər və ermənilər köhnə çar ordularında olan zabit və əsgərlərini cəmləşdirərək öz orduqlarını qurduqları halda Azərbaycan Türkləri bundan məhrum idi. Çünki çarlıq dövründə rus ordularına buradakı Türklərdən əsgər çağırılmırdı. Buna görə də bir əsrdən çox davam edən rus idarəçiliyində Azərbaycan Türkləri ordu quruculuğunda təcrübəsiz idi. Belə bir vəziyyətdə onlar öz milli varlıqlarını qoruya bilmək üçün ancaq qardaş Türkiyəyə güvənə bilərdilər.
Osmanlı hökumətinin Qars, Ərdahah və Batumu tələb etməsi Sovet Rusiyası tərəfindən qəbul edilməmişdi. Bundan sonra Ənvər Paşanın əmri ilə 3-cü Ordu komandanı Vehib Paşanın erməni birliklərinə qarşı əməliyyatları 1914-cü ildə Türk- Rus sərhədlərini bərpa etdi. Göründüyü kimi Ənvər Paşanın komandanlıq etdiyi Türk ordusu sayəsində Osmanlı dövləti çar Rusiyasının devrilməsindən sonra bu tarixi fürsətdən maksimum dərəcədə faydalanmağa çalışırdı.
Bu arada “konfederasiya”nın son iclasından sonra ermənilər və gürcülər öz özlərini müstəqil dövlət elan etdilər. Bundan 2 gün sonra isə 28 may 1918 tarixində Azərbaycan müstəqilliyini elan etdi. Məlum idi ki, Bakı şəhəri 18 mart 1918-də Şaumyanın təşkil etdiyi bolşeviklərin əlinə keçmişdi. Bu səbəbdən Azərbaycan paytaxtı müvəqqəti olaraq Gəncə oldu.
Şaumyan Bakıda hakimiyyəti ələ keçirdikdən sonra buradakı Türklərə qarşı ağır təzyiq və genosidə başlamışdı. Bakıda ermənilər tərəfindən Türklərə qarşı 18 mart- 1 aprel tarixləri arasında törədilən qırğın nəticəsində 20 000 türk şəhid edildi. Bu həqiqətlər qarşısında Osmanlı`dan hərbi yardım istəmək bir məcburiyyət halını almışdı. Batumda Ənvər Paşa ilə görüşən Azərbaycan heyəti hərbi yardım üçün müraciət etdi və Ənvər Paşa yardım olunacağına söz verdi. Bu arada rus əsarətindən qaçaraq Türkiyəyə gələn , 29 dekabr 1917 tarixində 6-cı ordu komandanı Xəlil Paşa ilə görüşən avstriyalı bir Polkovnik- leytenant İstanbulda Ənvər Paşa ilə də görüşdü. Bu zabitin danışıqları Ənvər Paşanı çox təsirləndirmişdi. Çünki o, bu barədə 16.02.1918 tarixində 6-cı Ordu komandanı Xəlil Paşaya vurduğu teleqramda deyirdi: “Görüşdüyüm avstriyalı polkovnik-leytenantın Bakının vəziyyəti haqqında verdiyi məlumatlara görə Azərbaycan Türklərinin düşmənə qarşı tərtiblənmək və döyüşmək istədiyi, ancaq onları təşkilatlandıracaq hərbiçi liderlərin olmadığından hərəkət edə bilmədikləri qənaətindəyəm.
Ənvər Paşa Azərbaycan Əməliyyatı barədə iki yaxın adama tapşırıq verməyi məsləhət bildi. Bunlardan biri əmisi Xəlil Paşa, digəri isə ögey qardaşı, polkovnik- leytenant Nuru bəy idi. Ənvər Paşa Azərbaycanı işğaldan xilas etmək məqsədiylə qurmağı planlaşdırdığı “Qafqaz İslam Ordusu” komandanlığına polkovnik- leytenant rütbəsi ilə komandan təyin olunmaq mümkün deyildi və Nuru Paşa generel-leytenant rütbəsinə yüksəldildi. Eyni zamanda Padişah 5-ci Mehmat Reşat tərəfindən ona Qafqaz İslam Ordusu (QİO) komandanı olduğu və Qafqazda sultanın adından siyasi fəaliyyətlər də apara biləcəyi haqqında bir fərman verildi.
Qafqaz İslam Ordusu komandanı Nuru Paşa 25 may 1918-ci ildə Gəncəyə gələrək qərərgahını qurub ordu fəaliyyətlərinə başladıqdan sonra bu işin təsəvvür olunduğundan çox çətin olduğunu anladı. Belə bir vəziyyətdə Azərbaycan Türklərindən ibarət birliklərin yaradılması, onlara əsgərlik qaydalarının öyrədilməsi uzun bir vaxt tələb edirdi. Nuru Paşa Azərbaycandakı vəziyyəti və QİO-nun qüvvətlənməsi gərəkdiyini Vehib Paşa və Ənvər Paşaya bildirdi. Bu məqsədlə yenidən cəmi 257 zabit və 5575 əsgərdən ibarət 5-ci Qafqaz diviziyası Gəncəyə göndərildi.
Nuru Paşa ilk olaraq burada hər cür qırğınlar törədən ermənilərin silahlarını toplamaq əmrini verdi. Ermənilər silahlı müqavimətə başladılar. Bu vaxt ön dəstədən ayrılaraq ermənilərin əlinə düşən 15 piyada və sıravi əsgəri ermənilər parça- parça doğrayaraq şəhid etmişdilər. Nuru Paşa ermənilərin çox qan tökülmədən təslim olmasını tələb edən bir məktub göndərmiş və onların van və mal toxunulmazlığınin Türk ordusu tərəfindən qorunacağını bildirmişdi. Ancaq müqavimətdən əl çəkməyən radikallar yalnız 12 iyunda mühasirəyə alındıqan sonra silahlarını təhvil verib təslim oldular.
Türk qoşunlarının Azərbaycanı xilas etmə Əməliyyatı Gəncənin yaxın şərqində yerləşən Göyçay qəsəbəsindən başladı. Bolşevik birliklərini Göyçay döyüşündə məğlub edən Türk qoşunları ardıcıl olaraq Qaraməryəmi də onlardan təmizlədilər. Daha sonra Salyan döyüşü, Ağsunu azad edilməsi, Kürdəmirin azad edilməsi, Şamaxının azad edilməsi planları gerçəkləşdirildi və Türk ordusu Bakıya yaxınlaşdı. Şiddətli top atəşinin köməyi ilə 5 avqust 1918 tarixində saat 04.25- də başlayan birinci Bakı hücümu qarşısında erməni, rus və ingilislərdən ibarət müdafiə birlikləri mövqelərini əldə saxlamaq üçün çox güclü müqavimət göstərdilər. Bakıdakı Türklər şəhərin zəbt edilməsinin uzanmasından ciddi narahar olmuş, türk əsgərlərinin ruh yühsəkliyini qaldırmaq və onları daha da cəsarətləndirmək üçün 10 avqust 1918-ci ildə məlumat hazırlamış və Türklərə çatdırçışdılar. Məlumatın mətni aşağıdakı kimidir:
“ Milyon və milyardlar şəhəri adlanan Bakının qapıları önündə neçə gündür qələbə quşunun qanadlarını tutmaq istəyən Türk ordusuna;Bu gözəl şəhəri əgər siz zəbt edə bilməsəniz, Türkün və onun ordusunun şərəfini indi dayandığınız xəndəklərin içinə basdırmış olacaqsınız.Əgər siz bu sərvət və qızıl şəhərini zəbt edə bilməsəniz, doğma vətənizmizə gözəl bir hədiyyə təqdi etmək imkanını əldən qaçırmış olacaqsınız.Əgər siz yaşıl dənizin bu məşhur səhərini zəbt edə bilməsəniz, Qafqaz Türkləri və Türküstan Müsəlmanlarının ürəyinə sancılmış xəncərin üzərinə “ Heyif ki, Türk bizə köməyə gəlmədi” cümləsi yazılacaq. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaq. Əgər siz bu böyük İslam şəhərini zəbt edə bilməsəniz, Allah deyənləri oradan qaldırmaq istəyən düşmənlər qabaqdan və arxadan sizi əhatə edəcək və qıcanmış dişlər yenə zülümlər üçün cilovlanmış olacaq.Əgər siz dəmir quyulardan dünyaya sərvət axıdan bu hərb şəhərini zəbt edə bilməsəniz, tarix qarşısında utanaraq yerə baxacaqsınız. Və bütün dost – düşmən ölkələrində ən kiçik bir evdə, ən işsiz adamların belə dillərinin əzbəri olan Bakı şəhəri hadisə və pərişanlığı Türklərin pərişanlığı ilə sona çatacaqdır. Düşmənlər böyük və çox böyük bir zəfərin açarını ələ keçirdiklərini, bəlkə də bir az haqlı olaraq elan edəcəklər.Dostlar, belə bir itgi üçün peşimanlıqlarını gizlətməyəcəklər və bizi qəmləriylə məhv edəcəklər. Ey Türk əsgəri! Əgər sən bu şəhəri almazsan, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikiən geyimi düşmən geyinəcək. Sənin üçün verilən qurbanlar qəbul edilməyəcək, düşmənə qalacaqdır. Sənin üçün hazırlanan qızıl kisələrini düşmən ələ keçirəcəkdir. Əgər sən bu şəhəri ala bilməsən, islam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq,yenə mübarək islam qanı qırmızı şərablar kimi vəhşi işkəncələrin yolunda axacaqdır. Sənin zəfərin üçün dua edən əlləri zalımlar kəsəcəkdir.Əgər sən bu sarı işıqlı qızıl şəhəri ala bilməzsən, qadınlar saçlarını yolacaq, ağlını itirəcəkdir. Indiyə qədər axan qanlar, boş yerə axmış, sən də bu toz-torpaqlı yerlərədə pərişan və səfil olacaqsan. Türkün gözlərini çıxarıb iplərə düzən düşmənləri şənləndirəcəksən.Fəqət sən ey Türk əsgəri! İngilislərin gücünü öz gücünlə Çanaqqalada daqmadağın etdin. Ən böyük döyüş gəmilərinin böyük mərmilərinə sinə gərdin. Quttuləmmərada 14000 əsir götürüdün. Qarşındakı düşmənin çoxunu, erməniləri Azərbaycandan, Qarsan bəri qabağına qataraq bu şəhərə qədər sıxışdırdın. Türk adını yüksəklərə qaldıran Çanaqqala, Quttuləmmarə, Galiçiya, Ruminiyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almaz qaşı olacaqdır. Al Bakını! Vətənə bir almaz ərməğan et!”7 avqust 1918 tarixli Bakı qəzetlərində əli silah tutan hər kəsin əsgərliyə çağırıldığı xəbərlər verilirdi. Bakının müdafiəsini qüvvətləndirmək məqsədiylə görülən bu tədbirlərə baxmayaraq ikinci Bakı hücumunun olacağı tarixdə şəhəri müdafiə edəcək qüvvələrin sayı 10000 əsgərdən ibarət idi. Hücum 14 sentyabr 1918-ci il saat 02.00-da gecə hücumui şəklində başladı. Bakını medafiə xəttini yarmaq üçün 5-ci Qafqaz diviziyası qərbdən Bibiheybət- Biləcəri dəmir yolu istiqamətində irəliləməyə başladı. Nuru paşa 14 sentyabr axşamı verdiyi əmrlə 15 sentyabr günü hücum davam etdirilərək şəhər azad olunacağı bildirilirdi. Səhərə yaxın hücuma keçən 13-cü, 9-cu və 56-cı alaylar şəhərə daxil olmağa başladılar. Bakının müdafiəsində böyük ümidlər bağlanan 39-cu ingilis briadası 14 sentyabr axşamı hər şeyin nəticəsiz olduğunu görərək limana şəkilmiş və sat 22.00-da gəmilərə minərək Ənzəliyə getmək üçün şəhərdən qaşmışdı. Bakının Türklərin əlinə keçməsi ilə yüz ildir müstəqilliyindən məhrum olan Azərbaycan Cumhuriyyəti öz paytaxtına qovuşdu. Üç ay yarımlıq ağır mübarizədən sonra Türk əsgəri artıq Bakıda idi və şəhər artıq öz sahiblərinin ixtiyarına keçmişdi.
Xüsusi ilə qeyd etmək lazımdır ki, bütün Azərbaycan əməliyyatı müddətində Türk Ordusunun qabağında bir maneə olaraq Almaniya görunməkdədir. Bakı neftindən pay almaq məqsədi güdən Almaniya əməliyyatın dayandırılması üçün Ənvər Paşaya böyük təzyiqlər göstərirdi. Məhz Almaniyanın təzyiqlərindən sarsılan Osmanlı Baş Qərəgahı cəbhəyə əlavə birlik və sursat göndərməkdə çətinlik çəkmiş, bu da əməliyatın ləngiməsinə gətirib çıxarmışdır. Bununla bərabər, Ənvər Paşa əhdə sadiqliyin ən gözəl nümunəsini göstərmiş, əməliyyatı axıra qədər davam etdirmişdir...




SMANLI ORDUSUNUN QAFQAZ HƏRƏKATI,AZƏRBAYCAN MİLLİ ORDUSUNUN YARANMASINDA ƏNVƏR PAŞA İMZASI
Anar, başlıqda "O" hərfi yaddan çıxıb....
İyun 11, 2008 21:15